Mərkəzi Elmi Kitabxananın yeni layihəsi: “Qarabağ Azərbaycandır!”
  
6373

İnnovasiya bu gün təkcə iqtisadiyyat, sənaye, idarəetmə, mühəndislik və texnologiyanın yeni formalarında deyil, həm də ictimai həyatın bütün sahələrində təcəssüm olunur. İnnovativ, yenilikçi fəaliyyətin reallaşdırılması hazırda siyasət, elm, təhsil, mədəniyyət sahələrində geniş müşahidə olunur. Bütün elmi-texniki, ictimai-siyasi, ədəbi-mədəni informasiya axınının qovuşduğu kitabxana-informasiya fəaliyyətində innovasiya ə­vvə­llər analoqu olmayan yeni metodlara, məzmun və mahiyyətə, fərqli yanaşmalara, dəyişikliklərə köklənmiş mədəniyyət hadisəsi kimi başa düşülməlidir. Sosial şərtlərə üstünlük verməklə səmərəli, məqsədyönlü kitabxana-biblioqrafiya xidmətləri  isə həqiqi innovativ keyfiyyətlərin göstəricisi olmalıdır.

Bu gün Azərbaycanın böyük elm ocağı Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanası öz tarixinin yeni bir dövrünə qədəm qoymaqdadır. Yeni ixtisas­laşdırılmış “açıq rəf üsulu” və məlumat-biblioqrafiya servisi ilə xidmət edən Akademiklər fondu, AMEA-nın regional bölmələri üçün yaradılmış fondlar və məlumat bazaları, “Şərqşünaslıq”, “Qərbşünaslıq”, “Azərbay­canşü­naslıq” bölmə və fondları, yeni fərqli dizaynda oxu zalları istifadəçilərin ixtiyarındadır. “Azərbaycan elmi və alimləri” elek­tron məlumat bazaları, Azərbaycanın elm və mə­dəniyyət xadimləri seriyasından biblio­qrafik nəşrlər, AMEA nəşr­lərinin biblioqrafik salnamələri  və s.  tərtibi pro­ses­lə­rinə start verilib.  Müəllif hüquqları gözlənilməklə  elmi nəşrlərin virtual ki­tab­xanasının yara­dılması  haqqında müqavilə  tətbiq edilib.

Bütün bunlar MEK-ə yeni ab-hava gətirmiş, istifadəçilərə isə yaradıcılıq axtarışları üçün rahatlıq, operativ və dəqiq elmi informasiya bazaları, interaktiv biblioqrafik məlumatlandırma, sorğuların onlayn ödənilməsi  və s. kimi  xidmətlər servisi təqdim etmişdir.

Yeni tipli kitabxana-informasiya institutunun yaranması ilə müşayiət olunan bu proseslərin arxasında yeni formalaşdırılmış və ziyalılarımıza xidmətə hesablanmış işçi qrupunun elmi-informativ dünyagörüşü, yüksək  səviyyəli peşəkarlıq və strateji uzaqgörənliklə mükəmməl idarəetmə  bacarığı dayanır.

Müasir dövrün kitabxanaçıları ilk növbədə sistemli elmi analiz, ekspert funksiyalarını yerinə yetirmək bacarığına, cəlbedici və səmərəli informativ ideya məntiqinə sahib olmalıdırlar. Hazırda islahatların reallaşmasının davam etdiyi MEK-də Azərbaycan elminə, ziyalılarına xidmətə interaktiv və ünsiyyətli, təşəbbüskarlıqlı peşəkar kadr potensialı cəlb edilir.

Bu yaşadığımız sevincli və kədərli, qələbə intizarlı günlərdə  Azərbaycanın Ali Baş komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Silahlı Qüvvələrimiz Ermənistanın hərbi təcavüzünün qarşısını almaqda, Qarabağımızı azad etməkdədir. Bu, bir Vətən müharibəsidir və qələbə Qarabağ torpağının əsil sahiblərinin:- bizimdir!. Ali Baş Komandan İlham Əliyevin Qarabağ Azərbaycandır! qətiyyəti bu gün bütün qlobal informasiya kanallarından dünyaya səslənir. Bu adi bir nida cümləsi deyil, vətənpərvərlik, vətəndaşlıq, Vətən sevgisi, təcavüzə qarşı barışmazlıq, qəhrəmanlıq, şücaət çağırışıdır. Bu çağırışa  Mərkəzi Elmi Kitabaxana da öz fəaliyyəti və yaratdığı informativ resurslarla,  “Qarabağ Azərbaycandır!” adlı yeni layihəsi ilə  qoşulur.

Bildiyimiz kimi Azərbaycan kitabxana-informasiya mühitində Qarabağla bağlı informasiya resurslarının müxtəlif aspektdə biblioqrafik siyahıları, xronikal salnamələri, göstərciləri və s. ənənəvi və elektron  formatda istifadəçilərə təqdim edilmişdir. Lakin Qarabağı elmi biliklər sisteminin bütün parametrlərində əhatə edən və ciddi elmi nəşrləri, materialları, rəsmi sənədləri, bəyənnamələri, foto və video-resursları və s. əhatə edən, başqa sözlə desək Qarabağla bağlı hər suallara, sorğuya dəqiq və ciddi elmi material təqdim edə biləcək bir mərkəzə ehtiyac var idi. Bu məqsədlə, nəinki Azərbaycan, eləcə də dünyanın bir çox  alimlərinin müxtəlif dillərdə  Qarabağ haqqında erməni saxtakarlığını təkzib edən elmi əsərlərinin tammətnli elektron məlumat bazası  və onun əsasında informasiyanın təbliği və mübadiləsi sistemini təqdim edən mərkəz  yaradılmışdır. MEK-in təqdim etdiyi  “Qarabağ Azərbaycandır!” – tammətnli elektron məlumat bazası kitabxananın malik olduğu və əldə etdiyi informasiya resursları əsasında tərtib edilmişdir. Hazırda bu barədə AMEA-nın elmi-tədqiqat institutlarına müraciət edilmiş, alimlərimizin  elmi tədqiqatları, yaradıcılıq məhsulları toplanılaraq müvafiq şöbələrdə işlənilir və bazaya əlavə edilir.

Onu da qeyd edək ki, MEK-də tətbiq edilən İRBİS-64 AKİS  məlumat bazası üzrə biblioqrafik təsvir və mətn sənədləri arasında əlaqəni tənzimləmək iqtidarındadır. Bu o deməkdir ki,  e-kataloqda biblioqrafik təsvirdən bir başa Məlumat bazasının tam mətninə keçid alınacaqdır. İRBİS 64 məlumat bazası mexanizmlərinin istifadəsini indeksləşdirmə ilə birləşdirməyə imkan verir.

Elmlərin təsnifatı sisteminə görə tərtib edilən bazanın Qarabağın tarixi, əhalisi, coğrafiyası, arxeologiyası, etnoqrafiyası, ekologiyası, yeraltı və yerüstü sərvətləri, flora və faunası, geologiyası bölmələri vardır. Milli informasiya ehtiyatının qorunması, inkişafı və səmərəli istifadəsi ümummilli olduğu qədər də ümumbəşəri əhəmiyyətli bir vəzifədir. “Qarabağ Azərbaycandır!” – tammətnli elektron məlumat bazasının bu mənada Azərbaycanın Qarabağ yaddaşı olacağına çalışacağıq. Qarabağlı alimlərindən, sənət adamlarından, ədəbi şəxsiyyətlərdən tutmuş bu gün Qarabağ uğrunda gedən döyüşlərdə vuruşan, şəhid olan hərbçilərimizə qədər, çalışırıq ki, heç nə yaddan çıxmasın, heç nə unudulmasın.  Çünki Qarabağ uğrunda döyüşlər  hərb tariximizə də yeni bir səhifə açdı.  Dünya siyasətində Azərbaycanın  mövqeyi Ali Baş komandan İlham Əliyevin simasında qətiyyətlə bildirildi, başda Türkiyə olmaqla Azərbaycanın səsinə səs verən ölkələrin, xarici diplomatların, elm və sənət adamlarının mövqeyini ortaya qoyan informasiya resursları da diqqət mərkəzimizdədir. Pandemiya dövrünün məhdudiyyətlərinə baxmayarq baza üzərində çalışan biblioqraflarımız  çoxşaxəli rejimdə işə davam etməkdədirlər. “Qarabağ Azərbaycandır!”- bu qələbəyə köklənmiş Vətənin səsidir. Biz kitabxanaçların vətəndaşlıq borcu isə bu səsə, bu haraya informativ xidmət göstərməkdir.


http://mek.az/article.aspx?id=6333


http://mek.az/article.aspx?id=6334

Sevil ZÜLFÜQAROVA

AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru