MEK-də Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü və Qarabağ müharibəsi qəhrəmanları fondunun yaranmasının bir ili qeyd olunub
  
10464

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü və MEK-də Qarabağ müharibəsi qəhrəmanları fondunun yaranmasının bir ili münasibətilə hesabat tədbiri keçirilib.

Tədbirdə İkinci Qarabağ müharibəsində iştirak etmiş Yasamal rayon sakinləri və AMEA əməkdaşları, elmi tədris və digər təşkilatlarda çalışan şəhid ailə üzvləri iştirak ediblər.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri MEK-in baş direktoru, professor Məmməd Əliyev açaraq, bu gün Qafqazda ən güclü ordu olan Azərbaycan Silahlı Qüvvələrinin yaranma tarixindən danışıb. Alim Ulu Öndər Heydər Əliyevin 22 may 1998-ci il Sərəncamına əsasən, Əlahiddə Azərbaycan Korpusunun yarandığı günün – 26 iyunun Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü elan olunmasını və hər il bu tarixin rəsmi dövlət bayramı kimi qeyd edildiyini vurğulayıb.

Baş direktor, həmçinin kitabxana sistemində ilk olan və bir illik fəaliyyəti dövründə MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondunun nailiyyətlərini qeyd edib. “44 günlük Vətən müharibəsi tariximizin şanlı səhifəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli Azərbaycan ordusunun qazandığı qələbə xalqımızın yenilməzliyini bütün dünyaya nümayiş etdirdi. Torpaqlarımızın erməni vandallarından azad edilməsi, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda canlarını fəda edən şəhidlərimizin, qazilərimizin, müharibədə iştirak edən vətənpərvər Azərbaycan övladlarının borcu ödənilməzdir. Bu müharibəyə mənəvi borcumuzu yerinə yetirmək üçün MEK yeni təşəbbüsə imza ataraq Azərbaycan kitabxana sistemində ilk olan Qarabağ müharibəsi qəhərmanları fondunu yaratdı. Bir ilini qeyd etdiyimiz bu fondu yüzlərlə şəhid ailəsi ziyarət edib, şəhidlər haqqında nəşrlər, məlumatlar toplanılıb, hər ay doğum günü olan şəhidlərin  xatirəsi anılıb, tədbirlər təşkil edilib”.  Baş direktor bundan sonra da fondun yeni yazılan kitablarla, elmi məqalələrlə daha da zənginləşəcəyindən əminliyini ifadə edib.

AMEA Fəlsəfə və Sosiologiya İnstitutunun İslam fəlsəfəsi şöbəsinin aparıcı elmi işçisi, İkinci Qarabağ müharibəsinin iştirakçısı Radif  Mustafayev keçdiyi şərəfli döyüş yolundan, mənfur düşmənə qarşı xalqın birliyindən danışıb, Qarabağın Azərbaycanın əzəli torpağı olduğunu elmi faktlarla əsaslandırıb.

Respublika Seysmoloji Xidmət Mərkəzinin Bərdə Seysmik stansiyasının müdiri Gəray Əsədov öz növbəsində ordu quruculuğunun tarixinə nəzər salıb, dövlət  tərəfindən zamanında aparılan düzgün ordu-kadr islahatından ətraflı danışıb.

Daha sonra AMEA Folklor İnstitutunun əməkdaşı, şəhid Vüsal Vəliyevin qardaşı Elyar Vəliyev çıxışında 44 günlük müharibə zamanı xalqımızın birliyinə bütün dünyanın heyran qaldığını bildirib. O, həmçinin qardaşının keçdiyi döyüş yolunu tədbir iştirakçılarının nəzərinə çatdırıb.

Tədbir zamanı ordu quruculuğuna və MEK-in Qarabağ müharibəsi qəhrəmanları fondu tərəfindən son bir il ərzində görülmüş işlərə həsr olunmuş video nümayiş etdirilib.

İctimaiyyətlə əlaqələr və informasiya şöbəsi

pr.mek.az@gmail.com

(012) 539-73-67 ( daxili 14-14)

 

ErsteVorherige12NächsteLetzte