Xalq yazıçısı Çingiz Abdullayev - 60
  
6075

Çingiz Abdullayev 1959 -cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olub. Atası Abdullayev Akif Abdulla oğlu Büyük Vətən müharibəsinin iştirakçısı olub, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Kollegiyası Rəyasət Heyətinin sədri vəzifələrində çalışıb.
Ç.Abdullayev 1976-cı ildə Bakıda 189 saylı şəhər məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirib. Əmək fəaliyyətinə Bakı İstehsalat Birliyində hüquq məsləhətçisi başlayıb, burada böyük hüquq məsləhətçisi və şöbə rəisi vəzifələrində çalışıb.
Afrika, Asiya və Avropa ölkələrində ezamiyyətdə olub. Sonra Bakı şəhəri Əzizbəyov rayonu İcraiyyə Komitəsində şöbə müdiri, Kommunist Partiyası Qaradağ rayonu komitəsində təşkilat şöbəsinin təlimatçısı, siyasi-maarif kabinetinin müdiri vəzifələrində çalışıb.
Beynəlxalq təcavüz problemi barədə dissertasiya müdafiə edib, hüquq elmləri namizədi alimlik dərəcəsi alıb. Polşanın Krakov universitetinin fəxri professorudur (1989). 
 H.Z.Tağıyev adına Xeyriyyə Cəmiyyətinin sədri (1990-cı ildən) və Azərbaycan Yazıçılar Birliyinin katibi (1991) seçilib. Beynəlxalq cinayət problemi barədə doktorluq dissertasiyası müdafıə edib (1991). Azərbaycan PEN klubunun vitse-prezidentidir (1990).

1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunub. Almaniyada, İrlandiyada, Fransada, Rusiyada  kütləvi tirajla buraxılmış 20 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılıb. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən yaxşı müasir yazıçı kimi tanıtdırıb. Xidmətlərinə görə Qırmızı Bayraq ordeni və medallarla təltif olunub. Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə “Şöhrət” ordeni ilə ilə təltif edilib.