
MEK-in direktoru N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri” mövzusunda keçirilən konfransda çıxış edib
2025-05-11
Konfransda əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı və YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü və “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin siyasi kursu: dövlətçiliyin və sabitliyin təməl prinsipləri” mövzusunda konfrans keçirilib.
Konfransda YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı, Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru, YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri Namiq Cəlilov, Azərbaycan Milli Elmlər Akademiyası Azad Həmkarlar İttifaqının sədri Sənan Həsənov, YAP Yasamal rayon təşkilatının əməkdaşları, YAP Yasamal rayon “H.Cavid pr.115” (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası) ünvanı üzrə ərazi partiya təşkilatının üzvləri və rəsədxana əməkdaşları iştirak edib.
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının direktoru texnika elmləri doktoru Hüseyn Hüseynov tədbirdə çıxış edərək, Ulu Öndər Heydər Əliyevin siyasi kursunun mərkəzində milli maraqlar və dövlətin suverenliyinin dayandığını vurğulayıb. Direktor Ümummilli Liderin hüquqi dövlət və vətəndaş cəmiyyətinin əsaslarını yaradaraq ölkənin gələcəyini təmin etdiyini nəzərə çatdırıb. "Dövlətçiliyin əsas dayaqları – güclü ordu, stabil iqtisadiyyat və milli həmrəylik onun siyasətində prioritet idi. Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə qəbul olunan Konstitusiya xalqın iradəsinin ifadəsi oldu, idarəetmədə şəffaflığı və qanunun aliliyini təmin etdi. Ümummilli Liderin siyasi fəlsəfəsi azərbaycançılıq ideologiyasına əsaslanırdı. Onun uzaqgörənliyi Azərbaycanın regional və beynəlxalq nüfuzunu artırdı. Sabitlik və təhlükəsizlik siyasəti ölkənin hərtərəfli inkişafını təmin etdi. Ulu Öndərin təməlini qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu kurs Azərbaycanın gələcəyini təmin edən əsas sütunlardan biridir",- deyə Hüseyn Hüseynov qeyd edib.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin zəngin həyat və fəaliyyətini özündə əks etdirən guşəyə və rəsədxanada yerləşən eksponatlara baxış keçirilib.
Konfransda digər çıxış edənlər Ümummilli Lider Heydər Əliyevin dövlət quruculuğundakı misilsiz xidmətlərini, xalqın rifahı naminə gördüyü işləri diqqətə çatdıraraq, Heydər Əliyev irsinin öyrənilməsinin və təbliğ olunmasının gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıblar. Ulu Öndərin layiqli siyasi davamçısı Prezident İlham Əliyev tərəfindən ölkədə həyata keçirilən uğurlu islahatları və inkişaf strategiyasını dəstəklədiklərini qeyd ediblər.