
MEK əməkdaşları “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin V Respublika konfransında iştirak ediblər
2025-05-19
Bakı Dövlət Universitetində İnformasiya və sənəd menecmenti fakültəsinin və Tələbə Elmi Cəmiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Elektron kataloq – yüksək informasiya texnologiyalarının nəticəsi kimi” mövzusunda tələbələrin V Respublika elmi konfransı keçirilib.
Konfransda ölkə kitabxanalarının, müxtəlif ali təhsil müəssisələrinin nümayəndələri ilə yanaşı, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov da məruzə ilə çıxış edib.
Tədbirdə fakültənin tələbələri regionlarda yerləşən ali təhsil və elmi-tədqiqat müəssisələrinin kitabxanalarının fəaliyyəti ilə bağlı təqdimatlarla çıxış ediblər. Bu təqdimatlar arasında fakültənin magistrantı, eyni zamanda MEK-in əməkdaşı Ayşən Bağırzadənin üzv olduğu komandanın çıxışı da xüsusilə fərqlənib və sertifikatla təltif olunub.
Təqdimatların qiymətləndirilməsi məqsədilə yaradılmış komissiyanın üzvlərindən biri də MEK-in Rəqəmsallaşma, innovasiya və elektron xidmətlər üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Oruc Quliyev olub.