
AMEA-da “Milli dövlətçilik və folklor” mövzusunda elmi konfrans keçirilib
2025-05-27
Mayın 26-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Folklor İnstitutunun təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli”nə həsr olunan “Milli dövlətçilik və folklor” mövzusunda respublika elmi konfransı keçirilib.
Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Rəyasət Heyətinin üzvləri, institut direktorları, Folklor və Ədəbiyyat institutlarının əməkdaşları, media nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Əvvəlcə konfrans iştirakçıları Ümummilli Lider Heydər Əliyevin MEK-in binasındakı büstü önünə gül dəstələri düzüb, Ulu Öndərin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbiri giriş nitqi ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpa olunması, 2025-ci ildə Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsində Qələbəmizin 5-ci ildönümləri nəzərə alınaraq, Prezident İlham Əliyevin Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edildiyini və təsdiq olunmuş Tədbirlər Planına əsasən çoxsaylı tədbirlərin keçirildiyini bildirib. O, folklorun milli dövlətçilik təfəkkürünün formalaşmasında mühüm rol oynadığını qeyd edərək, əhəmiyyətli və orijinal məruzələrin təqdim olunacağı konfransı yüksək qiymətləndirib.
AMEA rəhbəri tədbirin “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilməsini önəmli ictimai-siyasi hadisə kimi dəyərləndirib, konfransın müasir mərhələdə suveren Azərbaycanın qarşısında duran əsas hədəflərin müəyyənləşdirilməsi, folklorşünaslıq elminin inkişaf etdirilməsi və gələcək nəsillərin suverenlik ruhunda tərbiyə olunması baxımından xüsusi əhəmiyyət kəsb etdiyini bildirib.
“Milli dövlətçiliyə folklor anlayışı müstəvisindən baxarkən Azərbaycanda konstitusiya və suverenliyin qədim tarixə malik olduğunu, zəngin folklor ənənələrinin formalaşdığını görmək mümkündür”, - deyə bildirən akademik İsa Həbibbəyli Azərbaycanın ilkin dövlətçilik modelinə tarixi folklor nümunələrində rast gəlindiyini söyləyib. Qeyd edib ki, “Kitabi-Dədə Qorqud” dastanında Oğuz dövlətçilik ənənələrinin nümayişi, xalq qayda-qanunlarının nişanələri, Oğuz elinin gələcək taleyi, qəhrəmanların igidlik və şücaəti kimi məsələlər milli dövlətçilik ideyalarının tarixən folklorun müxtəlif obraz, süjet və motivlərində yaşadıldığını bir daha sübut edir.
Çıxışının sonunda akademik İsa Həbibbəyli müasir dövrdə rəqəmsal transformasiyalar şəraitində milli dövlətçilik və folklor mövzusunun xüsusi məna kəsb etdiyini deyib, konfransda “milli dövlətçilik və folklor” probleminin nəzəri-metodoloji və tətbiqi baxımdan analiz olunacağını qeyd edib.
Sonra çıxış edən AMEA-nın Folklor İnstitutunun direktoru dosent Hikmət Quliyev Folklor İnstitutunda aparılan tədqiqatların, mahiyyətcə dövlətçilik, müstəqillik və suverenlik anlayışlarının əsas sütunlarını təşkil edən dəyərlər sisteminin – milli kimlik, milli ideologiya, ənənəvi düşüncəni əhatə etdiyini bildirib. Vurğulayıb ki, milli folklorşünaslığımızın prioritetlərindən biri diaxron və sinxron planda dövlətçilik düşüncəsinin, dövlət idarəetməsinin, bütövlükdə, dövlət və cəmiyyət münasibətlərinin formalaşması və inkişafında ənənəvi bilik institututlarının rolunun araşdırılması ilə bağlıdır.
Dosent Hikmət Quliyev qeyd edib ki, folklor etnosun dünyagörüşünün, stereotip düşüncəsinin və dəyərlər sisteminin güzgüsü olduğu üçün onun tarix səhnəsində yaratdığı etnik-siyasi təsisat kimi dövlət də bu kontekstlə birbaşa bağlıdır. Dilin, mədəniyyətin, milli kimliyin üzərində qurulan dövlət, həmin dəyərlərin vahid məkan və zaman çərçivəsində inkişafının təminatçısıdır.
“Hazırkı çağda sosial proseslər virtual mühitdə cərəyan etdiyindən milli identikliyin əsas daşıyıcısı olan folklor da İnternetə - açıq informasiya mühitinə transformasiya olunmuşdur”, - deyən institut direktoru folklorun belə bir şəraitdə geniş imkanlar yaratmaqla yanaşı, çoxsaylı təhdid və riskləri də özündə daşıdığını bildirib.
Daha sonra AMEA-nın Rəyasət Heyəti aparatının şöbə müdiri filologiya elmləri doktoru Sərxan Xavəri “Postmodern çağda folklor və dövlətçilik münasibətlərinə diskursiv baxış” mövzusunda məruzəsini təqdim edib. Alim məruzəsində dövlət və folklor arasındakı münasibətlərdə postmodernist mərhələni ayıraraq problemə nəzəri-metodoloji rakursdan – diskurs anlayışının işığında yanaşıb. Məruzəçi “postmodernizm”, “diskurs”, “qrand-narrativ” və s. kimi bir sıra anlayışların diskursiv baxımdan semantik özəllikləri danışıb. Alim dövlət və folklor münasibətlərinə diaxron planda yanaşaraq, onu klassik, modernist, postmodernist və meta-modernist mərhələlər üzrə şərh edib. Qeyd edib ki, klassik mərhələ folklorun təbii qrand-narrativ olduğu, modernist mərhələ folklorun digər qrand-narrativlərə tabe etdirildiyi, postmodernist mərhələ folklorun bütün narrativlərə müxalif olduğu mərhələdir.
Sərxan Xavəri postmodernist mərhələdə dövlət və folklor münasibətlərində digər alternativ təsisatların – media, bazar, təhsil, texnologiya və s.-nin də öz diskurslarını yaratdığını, əvvəlki dövrlərdən fərqli olaraq, folklorun virtual məkanda ortaya çıxdığını vurğulayıb. Bildirib ki, bu mərhələdə ortaya çıxan İnternet folkloru postmodern folklorun ən tipik nümunələri kimi tez yayılır, dəyişkəndir və çoxsəslidir: “İnternet folkloru postmodern dövrün ən çevik və demokratik mədəniyyət formasıdır. Bu, postmodern dövrün ən tipik dövlət-folklor münasibətidir”.
Məruzəçi qeyd edib ki, belə bir dialoqun ən bariz nümunəsini İkinci Qarabağ müharibəsində Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin nitqlərinə aid ifadələrin (“nooldu Paşinyan”, “İtiqovan” və s.), çoxsaylı zəfər əhvali-ruhiyyəli videoçarxların, mahnıların folklorlaşmasıdır. Bu, İnternet folkloru nümunələri xalq-iqtidar birliyinin ən bariz nümunəsidir.
“Folklor kimliyi və milli dövlətçilik düşüncəsi” mövzusunda məruzə ilə çıxış edən Folklor İnstitutunun şöbə müdiri professor Əfzələddin Əsgər vurğulayıb ki, folklor haqqında elm humanitar elmlər içərisində gəncdir və XVIII əsrdən başlayan maarifçilik ideyaları və uyğun olaraq demokratik dövlət düşüncəsinin ortaya çıxması ilə yaranmağa başlayıb. Bu düşüncə tipinin mərkəzində xalq dayanıb.
Məruzəçi bildirib ki, Sovet dövründə folklorun sözsüz qismi folklor sferasından çıxarılaraq ədəbiyyatlaşdırılıb, etnik folklor xalq folkloru kimi təqdim olunaraq sosialialistləşdirilib. Onun sözlərinə görə, Azərbaycan folklorunun ən böyük uğurları milli müstəqillik illərinə təsadüf edir. Görülən çoxsaylı işlərlə bərabər, bu dövrdə folklor milli məzmun qazanmaqdadır.
Daha sonra AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun şöbə müdiri professor Tahirə Məmmədin “Folklor ənənələri bədii mətnin əsas milli kimlik göstəricilərindən biri kimi” mövzusunda məruzəsi dinlənilib. Bildirilib ki, hər bir yazıçının, sənətkarın milli mənsubiyyəti olduğu kimi, yaranan ədəbiyyatın da milli mənsubiyyəti və kimliyi var. Ana dilində yazılmayan əsərlər, multikultural mühitdə yaranan yazılı ədəbiyyat göstərir ki, milli kimlik müəyyənliyində folklor heç də dildən az əhəmiyyət kəsb etmir. Dil ilk görünəndir, folklor isə daha dərin qatda olan qoruyucu sistemdir, bu mənada, milli kimliyin müəyyənləşdirilməsinin ən başlıca faktorudur.
Konfrans öz işini bölmə iclasları ilə davam etdirib.