
AMEA-nın prezidenti akademik İsa Həbibbəylinin Qurban bayramı münasibətilə Akademiya əməkdaşlarına təbriki
2025-06-05
Hörmətli həmkarlar!
Sizi İslam aləminin ən müqəddəs və mənəvi dəyərlərlə zəngin bayramlarından biri olan Qurban bayramı münasibətilə ürəkdən təbrik edirəm!
Qurban bayramı fədakarlığın, mənəvi paklığın, müqəddəs ideallara yaxınlığın rəmzidir və həm də cəmiyyətin mənəvi birliyinin, həmrəyliyinin möhkəmlənməsinə xidmət edir. Azərbaycan xalqı tarix boyu İslamın saf mənəvi dəyərlərinə sadiq qalaraq, bu bayramı milli-mənəvi kimliyimizin tərkib hissəsi kimi yaşatmış, onun hikmətini həyatları boyu təcəssüm etdirmişlər.
Dövlətimiz də bu ali dəyərlərə daim yüksək hörmətlə yanaşır. Ölkəmizdə dini etiqad azadlığı tam təmin olunur, müqəddəs İslam irsinin qorunması, dini-mənəvi maarifləndirmə və həmçinin multikultural dəyərlərin təşviqi ölkəmizin siyasətinin önəmli istiqamətlərindəndir. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş bu möhkəm mənəvi-siyasi xətt bu gün Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Müasir Azərbaycan İslam sivilizasiyasının ayrılmaz tərkib hissəsi olaraq dünyaya tolerantlıq və dini həmrəyliyin nümunəsini təqdim edir.
Azərbaycan Milli Elmlər Akademiyası da öz növbəsində bu mənəvi zənginliyi elmi dəyərlərlə birləşdirərək, ölkəmizin inkişafına, cəmiyyətin maariflənməsinə xidmət edir.
Əziz həmkarlar,
Sizi Qurban bayramı münasibətilə bir daha təbrik edir, möhkəm sağlamlıq və elmi fəaliyyətinizdə uğurlar arzulayıram.
Hörmətlə,
İsa HƏBİBBƏYLİ,
Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik