“Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpozium keçirilir

foto

AMEA və Türkiyə Elmlər Akademiyasının (TÜBA) birgə təşkilatçılığı ilə “Azərbaycan və Türkiyə dünya siyasətində” mövzusunda beynəlxalq simpoziumun açılış mərasimi olub.

Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, TÜBA-nın prezidenti professor Müzəffər Şəkər, Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün, AASSA-nın prezidenti və TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Ahmed Nuri Yurdusev, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova və başqaları iştirak ediblər.

Tədbirdə çıxış edən AMEA-nın prezidenti akademik İsa Həbibbəyli Azərbaycan ilə Türkiyə arasında mövcud olan qardaşlıq münasibətlərindən, elmi, mədəni əlaqələrindən bəhs edib. Akademik AMEA-nın 80 illik yubileyi ilə bağlı ölkəmizdə və xaricdə təşkil edilən elmi tədbirlərin, beynəlxalq konfransların davam etdiyini bildirib. İsa Həbibbəyli simpoziumun bu yubiley tədbirləri çərçivəsində ilk dəfə keçirildiyini diqqətə çatdırıb.

Türkiyənin ölkəmizdəki səfiri Birol Akgün çıxışında Azərbaycan və Türkiyə arasında strateji tərəfdaşlıq münasibətlərindən danışaraq, hər iki ölkənin dünya siyasətində artan roluna və birgə mövqelərinin əhəmiyyətinə toxunub.

Tədbirdə TÜBA-nın prezidenti professor Müzəffər Şəkər, AASSA-nın prezidenti və TÜBA Beynəlxalq Əlaqələr İşçi Qrupunun sədri professor Ahmed Nuri Yurdusev mövzu ilə bağlı çıxış ediblər.

Tədbir öz işini bölmə iclasları ilə davam etdirir.

science.gov.az

Xəbəri sosial şəbəkələrdə paylaşın